Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

15.06.2012 17:51

“TransCaspian 2012” sərgisinin yekunları

Bu gün 11-ci Beynəlxalq “Nəqliyyat, tranzit və loqistika” (“TransCaspian-2012”) sərgisi öz işini başa çatdırır. Bu ixtisaslaşdırılmış tədbir bir çox peşəkar ziyarətçini “Bakı Ekspo” mərkəzinin pavilyonlarına cəlb edə bildi və bu təsadüfi deyil! Belə ki, sözügedən sərgi növbəti dəfə ölkənin və bütövlükdə regionun nəqliyyat infrastrukturu və yük daşımaları bazarının inkişafını əks etdirdiyini sübuta yetirmiş oldu.

Əsası qoyulduğu gündən etibarən, sərgi ölkənin Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənib və TRACECA (Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizi) ilə sıx əməkdaşlıq edib.  “TransCaspian” sərgisinin açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədovun artıq ənənəyə çevrilmiş iştirakı belə irimiqyaslı tədbirin keçirilməsinin əhəmiyyətindən xəbər verir. Öz çıxışında təşkilatçılara, yəni “Iteca Caspian” MMC şirkəti və onun tərəfdaşı “ITE Group plc” şirkətinə təşəkkür edən nəqliyyat naziri bu gün respublikanın ümumi inkişafının müsbət xüsusiyyətini əks etdirən ən əhəmiyyətli dövlət proqramlarının həyata keçirilməsi fonunda bu sərginin daşıdığı aktuallığı xüsusi ilə vurğuladı. “ - Beynəlxalq “Nəqliyyat, tranzit və loqistika” – “TransCaspian-2012” sərgisinin Bakıda keçirilməsi Azərbaycanın nəqliyyat sektoruna artan marağı əks etdirir. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası uğurla həyata keçirilir. Bakıda keçirilən bu sərgilər bir ənənəyə çevrilərək, ölkənin inkişafına bariz nümunədir”, deyə Azərbaycanın nəqliyyat naziri sərginin rəsmi açılış mərasimindəki çıxışında qeyd etdi.

Bu il Beynəlxalq “Nəqliyyat, tranzit və loqistika” (“TransCaspian-2012”) sərgisi 25% artım nümayiş etdirdi. Sərgi iştirakçılarının tərkibi də coğrafi baxımdan daha geniş idi. Belə ki, bu il sərgidə təmsil olunan ölkələr arasında Azərbaycan, Almaniya, Gürcüstan, İtaliya, Latviya, BƏƏ, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyanı görmək olardı. Xorvatiya ilk dəfə idi ki, sərgidə çıxış edirdi. Latviya milli stendi isə ardıcıl olaraq ikinci ildir ki, sərgiyə qatılırdı.

Bir çox iştirakçılar “TransCaspian” sərgisində ilk dəfə iştirak etmədiklərini və bununla da Azərbaycanın inkişaf edən bazarında öz mövqelərinin gücləndirilməsinə peşəkar maraq göstərdiklərini qeyd edirdilər. Üç gün ərzində sərgi fəal danışıqlar prosesi çərçivəsində keçdi. Sərginin gedişatında bir sıra şirkətlər öz mal və xidmətlərini təklif edir, digərləri isə bu mal və xidmətləri öz şirkətlərinin fəaliyyətində tətbiq etmək imkanlarını öyrənirdilər.

Bir çox təkliflər dəmiryol nəqliyyatına aid idi. Belə ki, dəmir yolu yataqları və onların kommunikasiyalarının çəkilişi və təmiri üçün texnika və avadanlıqların layihələndirilməsi və istehsalı ilə məşğul olan “La Falco” (İtaliya) şirkəti elektrikləşdirilmiş dəmiryol xətlərinin müasirləşdirilməsi üzrə layihə ilə çıxış etdi. Artıq neçə illərdir ki, Azərbaycanla əməkdaşlıq edən Rusiyanın “Transmaşxoldinq” müəssisəsi isə bütün müasir dünya standartlarına cavab verən metro vaqonlarının yeni seriyasını təqdim etdi. “Promelektronika” şirkəti “ALSTOM” (Fransa) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda dəmiryol infrastrukturunun müasirləşdirməsi üçün kompleks həll variantlarının geniş çeşidini təklif edirdi. Almaniyanın məşhur “Siemens” şirkəti isə Azərbaycanın “ATEF” şirkəti ilə birgə Bakı-Tiflis dəmir yolu hissəsinin elektrikləşdirilməsi layihəsi ilə çıxış etdi. Yüklərin daşınmasının təşkili ilə məşğul olan Ukrayna dövlət nəqliyyat və loqistika mərkəzi Ukrayna və Azərbaycan arasında daşınan yüklərin həcminin artırılması ilə bağlı Azərbaycan Dəmir Yolları İdarəsi ilə bir sıra görüşlər keçirdi.

Eyni zamanda, “TransCaspian-2012” sərgisində tikintisi 2015-ci ildə başa çatdırılacaq Bakı Dəniz Ticarəti Limanının stendi təqdim olunurdu. Ələt qəsəbəsində yerləşən bu yeni liman ildə 20-30 milyon ton yük qəbul edə biləcək və Asiya ilə Avropa arasında yük daşımaları prosesində mühüm rol oynayacaqdır.

Həmçinin, yüklərin daşınması sahəsində öz imkanlarını Qara dəniz və Baltik dənizinin beynəlxalq limanları (Poti limanı, Batumi limanı, Liepayski limanı və Ventspils azad limanı)  nümayiş etdirdirdilər.

Bu il “TransCaspian” sərgisində ekspozisiya sahəsinin 40 %-ni əhatə edən debütant şirkətlər mütəxəssislərinin diqqətini cəlb edən mal və xidmətləri təqdim edərək, artıq ilk iştirak təcrübəsindən yararlanmaq və sərgidən maksimal dividentlər əldə etməyə qərar vermişdilər. Onların arasında Almaniyanın “BTG Internationale Spedition GMBH” şirkətinin loqistika xidmətlərini, Rusiyanın “RusAgroTrans” və “SDS-Mash” müəssisələrinin isə dəmir yolu vaqonlarını və s. qeyd etmək olar.

Latviya və Xorvatiyanın milli stendlərində dəmir yolu vaqonları və gəmilərin istehsalı və təmiri ilə məşğul olan, eləcə də dəmir yolu, dəniz və çay vasitəsi ilə yük daşınmalarını həyata keçirən iri təşkilat və şirkətlər təqdim olunurdular.

Sərgidə kommersiya şirkətlərilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları –Azərbaycan Dövlət Dəmiryolu İdarəsi, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, həmçinin Bakı Metropoliteni öz stendlərində regionun ən aktual nəqliyyat layihələrini nümayiş etdirdilər.

Bütövlükdə isə əminliklə demək olar ki, “TransCaspian-2012” sərgisi limanlar, aeroportlar, vağzallar, avtomobil və dəmiryol nəqliyyatı müəssisələri, iri nəqliyyat şirkətləri və nəqliyyat sənayesi üçün avadanlıq istehsal edən şirkətlərin rəhbər və mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün beynəlxalq səviyyəli ideal bir meydança oldu və nəqliyyat sənayesində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz müsbət töhfəsini verdi.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/09/2022 28/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek