Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия











“TransCaspian-2012”: gələcək əməkdaşlığın təməli

Bu gün “Bakı Ekspo” mərkəzində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkətləri tərəfindən təşkil olunmuş 11-ci Beynəlxalq “Nəqliyyat, tranzit və loqistika” (“TransCaspian-2012”) sərgisi öz işinə başladı. Artıq 10 ildən çoxdur ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və TRACEKA tərəfindən dəstəklənən bu sərgi ölkənin nəqliyyat-tranzit potensialından səmərəli istifadə olunmasına öz töhfəsini verməklə yanaşı, bütün Xəzər regionunda nəqliyyat sənayesi mütəxəssislərinin məhsuldar əməkdaşlığına da kömək edir. Sərginin tərəfdaşları arasında “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azerfon” MMC və “Greenwich Travel Club” şirkətlərini, habelə “Hilton Baku” və “Qafqaz Poynt” mehmanxanalarını qeyd etmək olar.

Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədovun sərginin rəsmi açılış mərasimində qeyd etdiyi kimi: “- Belə ixtisaslaşdırılmış sərgilər sektorun ən son nailiyyətləri, o cümlədən ən yeni texnologiya və avadanlıqlarla tanış olmaq üçün gözəl imkan yaradır. Bundan əlavə, sərgi meydançasında mütəxəssislər bir-biri ilə tanış olur, sıx əlaqələr qurulur və gələcək əməkdaşlığın əsası qoyulur. Sərgidə təqdim olunan müxtəlif ölkələrin təşkilat və şirkətlərinin stendləri bir-biri ilə əlaqədar olan nəqliyyat, tranzit, loqistika, yol tikintisi və ictimai nəqliyyat sahələrini əhatə edir. “TransCaspian-2012” və “Road and Traffic-2012” sərgiləri bir daha təsdiq etdi ki, Azərbaycanın iqtisadi inkişafı ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə maraq göstərən bir çox tanınmış dünya şirkətlərinin diqqətini cəlb edir. Mən Azərbaycan hökuməti və respublikanın Baş naziri adından bütün iştirakçıları sərginin işə başlaması münasibəti ilə təbrik etmək, onlara məhsuldar fəaliyyət arzulamaq, həmçinin bu uğurlu işə görə sərginin təşkilatçılarına təşəkkür etmək istəyirəm”.

“TransCaspian-2012” sərgisində dünyanın 15 ölkəsindən, o cümlədən Azərbaycan, Almaniya, Gürcüstan, İtaliya, Latviya, BƏƏ, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan 70 şirkət iştirak edir. Latviya milli stendi ikinci dəfədir ki, bu sərgidə öz məhsul və xidmətlərini təqdim edir. Bundan əlavə, kifayət qədər geniş həcmə malik olan bu beynəlxalq tədbirdə şirkətlərin təxminən 40 %-i ilk dəfədir ki, iştirak edir (məsələn: Xorvatiya şirkətləri). Bütün bunlar ötən il ilə müqayisədə sərginin öz ekspozisiya ərazisini 25 % genişləndirdiyini göstərir.

Beləliklə, sərgidə nəqliyyat sənayesinin ən son nailiyyətləri, yerli və xarici şirkətlərin ən üstün texnologiya və avadanlıqları nümayiş olunur. Sərgidə həmçinin “Dəmiryol nəqliyyatı” və “Neftin nəqli” kimi sektorlar da geniş şəkildə nümayiş etdirilir. “Avtomobil yolu ilə yükdaşımalar” və “Dəniz yolu ilə yükdaşımalar” sektorlarına gəlincə isə bu sektorlar Almaniya, Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər tərəfindən təqdim edilir.

Qara dəniz, Xəzər dənizi və Baltik dənizi limanlarının (Poti limanı, Batumi limanı, Liepay limanı, Ventspil azad limanı və Bakı Ticarət Limanı) fəal iştirakı isə “TransCaspian-2012” sərgisinin fərqli xüsusiyyətlərindən biridir.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmiryolu İdarəsi, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti də öz stendlərində regionun ən aktual nəqliyyat layihələrini nümayiş etdirirlər.

Qeyd edək ki, bu il “TransCaspian” sərgisi Xorvatiya, Gürcüstan, Latviya və Azərbaycanın nəqliyyat strukturlarının yüksək rütbəli nümayəndələrini qonaq qismində qəbul etməklə, beynəlxalq ictimaiyyətin diqqəti mərkəzindədir. Sərgi dəniz / hava limanları və vağzalların, habelə avtomobil yolu və dəmiryol nəqliyyatı üzrə müəssisələrin, eləcə də iri nəqliyyat şirkətləri və nəqliyyat sənayesi üçün avadanlıqlar istehsal edən şirkətlərin rəhbər və mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılması üçün beynəlxalq səviyyəli meydançadır. “TransCaspian” sərgisi bütöv bir sənaye sahəsinin görüş yeri, habelə qarşılıqlı əlaqələrin və gələcək əməkdaşlığın özünəməxsus katalizatoru kimi daşıdığı əhəmiyyətini növbəti dəfə təsdiq edir.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  27/07/2021 28/07/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek